Sənə qonşu olmuşam


Sənə qonşu olmuşam
Sevgilim, gözün aydın, yaxınana gəlmişəm,
Mən özgə birisiylə sənə qonşu olmuşam.
Fələyin gərdişinə, talenin hökmünə bax.
Kim deyərdi qapımız üz-üzə açılacaq.
Kim deyərdi başıma qəm-kədər ələnəndə,
Qonşu eyvanda durub ah çəkəcəksən sən də,
Kim deyərdi eşqimiz böylə qurtaracaqdır,
Ayrılıq sevgimizin belini qıracaqdır.
Yarım, gözlərin aydın, gör nə günə qalmışam,
Mən özgə qapısında sənə qonşu olmuşam.
Bircə divar ayırır bizi bir-birimizdən,
Yuxuda da görürəm qayıdırıq dənizdən.
Qayalar cingildəyir o qoşa nəğməmizdən.
Dindirsən hönkürərəm, bulud kimi dolmuşam,
Vəfasız, gözün aydın, sənə qonşu olmuşam.
Gövhərin köksünü, bil, həsrətin yaracaqdır.
Eşqini ürəyində gora aparacaqdır.
Gözlərinin önündə saçım ağaracaqdır.
İstəməzdim biləsən saralmışam, solmuşam,
Sən mənə göz dağı, mən sənə qonşu olmuşam.
06.03.1988. müəllif Gövhər Əntiqə






Рейтинг работы: 0
Количество отзывов: 0
Количество просмотров: 108
© 16.10.2016 Гевхар Антига

Рубрика произведения: Поэзия -> Стихи на иностранных языках
Оценки: отлично 0, интересно 0, не заинтересовало 0
Сказали спасибо: 2 автора














1